• https://www.facebook.com/necdetunuvar
  • https://www.twitter.com/@necdetunuvar
  • https://www.instagram.com/necdetunuvar
  • https://www.youtube.com/channel/UCjxIt73RTZjCQlvxODKl-mQ

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Necdet Ünüvarla görüşüb. Onunla Dağlıq Qarabağ problemi, Rusiyanın doğurduğu narahatlıqlar və Türkiyənin hazırkı durumuyla bağlı söhbətləşib.

Xeber365.com-un əməkdaşı Türkiyə Böyük Millət Məclisində olaraq, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Necdet Ünüvarla görüşüb. Onunla Dağlıq Qarabağ problemi, Rusiyanın doğurduğu narahatlıqlar və Türkiyənin hazırkı durumuyla bağlı söhbətləşib.
 
Millət vəkilinin müsahibəsini təqdim edirik:
 
 
– Necdet bey, bu yaxınlarda Ermənistanın Dağlıq Qarabağda keçirmək istədiyi “referendum”la bağlı bəyanat yaydınız, ATƏT-in Minsk Qrupunu  problemin ədalətli həlli yolunu tapmağa çağırdınız. Nə qədər davam edəcək bu çağırışlar, nə vaxtsa fayda verəcək?
 
– Türkiyə və Azərbaycan olaraq bu çağırışlarımıza davam edəcəyik. Məlum məsələdir ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Orada anadan olmuş, orada yaşamış, evləri-eşikləri, tarlaları, bağları, məzarları və əcdadından xatirələri orada qalmış bir milyon insan var. Onlar hazırda öz ölkələrində qürbət həyatı yaşayırlar. Azərbaycanın müxtəlif rayonlarında, əsasən də Bakıda qaçqın və məcburi köçkün kimi həyatlarına davam edirlər. Qarabağ Azərbaycanın torpağıdır. Dəqiqliklə incələsək, ermənilər 1980-ci illərdən 94-cü ilə qədər sistemli şəkildə işğal planlarını həyata keçirdilər. Qorbaçovun iqtidara gəlişi ilə daha da intesivləşdilər. 1990-cı ildə 20 Yanvar faciəsi, 1992-ci ildə Xocalı soyqırımı törədildi, 1994-də isə Dağlı Qarabağın tamamilə işğal altına alınması prosesi tamamlandı. Ancaq bütün bunlar o ərazinin Azərbaycan torpağı olması həqiqətini dəyişdirmir.
 
“Xocalı qətliamını Qərb mediası çəkib”
 
Minsk qrupunda ona yaxın ölkə var. Biz Türkiyə olaraq Minsk-in məsələyə müdaxilə etməyini, orada keçiriləcək “referendum”u tanımamağını istəyirik. Türkiyə də Ermənistanda nəticədən asılı olmayaraq, referendumu tanımayacaq. Qarabağda anadan olmuş bir milyon insan onsuz da orada yaşamır. Onlar da referendumda iştirak etməli idilər. İndiki halda bu mümkün olmadığı üçün sözügedən “referendum”un hüquqi statusu yoxdur. Bu, öz-özünü aldatmaqdan başqa bir şey deyil. Ermənistan, təəssüf ki, 25 ildir BMT-ni və Qərbi öz siyasətlərinə uyğun olaraq istiqamətləndirir. Beynəlxalq güclər Xocalı faciəsini, Dağlıq Qarabağı görmək istəmirlər. Amma az da olsa, müsbət addımlar atılır. Keçən il Minsk qrupu belə bir qərar qəbul etdi ki, Azərbaycan Sərsəng su anbarını təmir edə bilmədiyi üçün Azərbaycan əkin sahələrini suvara bilmir. Bəlkə də, 20 ildən sonra Ermənistan əleyhinə bir qərar qəbul edildi. Bu qərarın çox böyük əhəmiyyəti var. İstər-istəməz Qərb dünyası hadisələrin fərqinə varırmı deyə fikirləşməyimizə səbəb oldu. Əslində, hər şey açıq-aydındır. Xocalı qətliamını Qərb mediası çəkib. Bu videoları çəkənlər azərbaycanlılar, ya da Ermənistana müxalif olanlar deyil. Bunlar hamısı Qərb mediasının video və fotolarla göstərdiyi sübutlardır. Qərb ordakı faicələrin fərqindədir. Ancaq özünü elə göstərir ki, heç nədən xəbərləri yoxdur. Ona görə də Minsk-in bu məsələlərə müdaxilə etməyini istəyirik. Cənubi Qafqazdakı ağrı-acını tamamilə yox etməyin yolu da Qarabağın Azərbaycana qaytarılmasından keçir.
 
–  Ötən ilin aprel ayında yaşanan “Dördgünlük müharibə” Azərbaycan-Ermənistan münasibətlərində nəyin güzgüsü oldu, sizcə?
 
– Bu savaş onu göstərdi ki, ermənilər Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünü 1990-cı illərdəki kimi olduğunu düşünürlərsə, böyük səhv edirlər. Çünki Azərbaycan iqtisadiyyatını, ordusunu çox gücləndirib. 25 illik ölkə olaraq iki dəfə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Konqresinin müvəqqəti üzvü seçildi. Dünya siyasi tarixində belə bir uğur hekayəsi yoxdur. Nəticə etibarilə, aprel ayında Dağlıq Qarabağdakı erməni əsgərləri atəşkəs rejimini pozaraq, bizim əsgərlərimizi şəhid etdilər. Düşünürdülər ki, 90-cı illərdəki kimi yenə qələbə qazanacaqlar. Amma Azərbaycan ordusunun çox güclü olduğunu gördülər. Hətta Azərbaycan iki təpəni də ələ keçirdi. Sonra yenidən atəşkəs elan edildi. Yenə atəşkəsi pozan tərəf Ermənistan oldu. Orada hazırda bir narahatlıq var. Bunun da səbəbi Qarabağın işğalda olmağıdır. Yəni bu problemlərin həll edilməyi, Cənubi Qafqazda sülhün bərqərar edilməyi üçün Qarabağı tezliklə Azərbaycana verilməyi və qaçqın həyatı yaşayan bir milyon vətəndaşın torpaqlarına qayıtmağını təmin etmək lazımdır.
 
– Bütün bu həqiqətlərə rəğmən, Ermənistan rəsmiləri Azərbaycana təhdidlər yağdırır, ordusu atəşkəsi pozur. Bu, son günlərdə daha da intensivləşib...
 
– Ermənistan hazırda dünyanın ən kasıb, vətəndaşlarının ən pis şəraitdə yaşadığı bir ölkədir. Əslində, hazırkı vəziyyət də Ermənistanın əleyhinədir. Çünki Ermənistan özünü dünyadan təcrid etmiş vəziyyətdədir. Amma Qarabağdakı işğala son qoysa, Ermənistanın daha güclü bir ölkəyə çevriləcək. Ancaq ordakı torpaqları işğal etməyə davam edirlər. Bu, təkcə Ermənistanın qərarıdırmı? Bu da tam bilinmir.
 
“SSRİ-nin yenidən bərpası boş bir xəyaldır”
 
– Necdet bəy, Rusiyada Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirdi ki, keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda Qarabağ problemi də “öz-özünə həll olunacaq”. Əks halda Qarabağı problemi həllini tapmayacaq. Bu fikir narahatlıq doğurmalıdırmı?

 
– Mən bu fikirlə razılaşmıram. Həmçinin, əhəmiyyətsiz hesab edirəm. SSRİ-nin yenidən bərpası boş bir xəyaldır. İndi beynəlxalq siyasi aləmin də buna uyğun olmadığını düşünürəm. Rusiyanın bu barədəki fikirlərini bilmirəm. Amma vaxtaşırı Ermənistan və Azərbaycan hökumət başçılarının görüşlərinin keçirildiyini və onları sülhə çağırdıqlarını bilirəm. Jirinovskinin “SSRİ bərpa ediləcək, siz Qarabağı yaddan çıxarın” sözlərinin elə o, ölmədən təkzib olunacağına inanıram. Heç kim üçün bəddua eləmərəm, amma o da Qarabağın Azərbaycan torpağı olduğunu görməsini istəyərdim.
 
– Siyasi analitiklər yazırlar ki, Putin Trampdan dəstək alarsa, keçmiş post-sovet ölkələrini yenidən öz nəzarətinə ala bilər. Ola bilərmi belə bir şey?
 
– Onu bir az şərait müəyyənləşdirər. Azərbaycan hazırda müstəqildir və dünyanın da rəğbət bəslədiyi bir ölkədir. Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan da həmçinin. Bu ölkələr SSRİ-nin tərkibində idilər. Yenidən Sovetin bərpa ediləcəyinə inanmıram. Bu, xəyal olaraq qalacaq.
 
 
– Bəs ortada Rusiyanın olması Türkiyənin Ermənistan məsələsində həmişə Azərbaycanın yanında olmasına mane ola bilərmi?
 
– Mane ola bilməz. Azərbaycanla münasibətlərimiz başqa ölkələrinkinə bənzəmir. Bu iki ölkə ətlə-dırnaq kimidir. Ətlə dırnaq bir-birindən ayrılmadığı kimi Türkiyə və Azərbaycan da bir-birindən ayrılmaz. Türkiyə Azərbaycanı eyni dini, dili, mədəniyyəti olan bir ölkə kimi görür. Buna görə də bu iki ölkənin münasibətlərini tənzimləyən üçüncü bir ünsür heç vaxt ola bilməz. Türkiyə hər vəziyyətdə Azərbaycanın yanındadır.
 
 
– Necdət bəy, Türkiyədə yaşananlar daim Azərbaycanın da gündəmindədir. Terror hadisələri, ölkədə fövqəladə vəziyyətin davam etməsi, konstitusiya dəyişikliyinə dair referendumun keçirilməsi məsələsinin türk insanlarını qarşı-qarşıya gətirməsi... Bütün bunlar bizi də düşündürür, narahat edir. Sizcə, Türkiyədə sular nə vaxt durulacaq?
 
– Aprelin 16-da bu müzakirələrin bitəcəyinə inanıram. Referendum müddətində istər Türkiyədə, istərsə də dünyada müzakirələr aparılır. Çünki dünyadakı bir çox ölkə Türkiyənin hazırkı vəziyyətinin pisləşməməyini arzu edir. Buna görə də Türkiyəyə əhəmiyyət verən ölkələrin də referendumla maraqlandıqlarını fikirləşirəm. Türkiyənin yaxşılığını fikirləşən insanların seçkilərdən “Hə” çıxmağı üçün dua etdiklərini fikirləşirəm. Çünki 16 apreldə baş tutacaq referendum Türkiyənin bölgədəki nüfuzuna da təsir göstərəcək. Buna görə də 16 aprel referendumunun çox vacib olduğunu düşünürəm. Hazırda istər Azərbaycan, istərsə də digər qonşularımızla çox yaxşı münasibətlərimiz var. Bu münasibətlər prezidentlik sistemi ilə daha da güclənəcək.


394 kez okundu

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu yapmak için tıklayın